
Yeni Zelandiyada 2050-ci ilə qədər bütün vəhşi pişiklərin tam yox edilməsi planlaşdırılır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin təbiəti mühafizə naziri Tama Potaka məlumat verib.
Hökumət iddia edir ki, vəhşi pişiklər yerli, unikal heyvan növlərinə ciddi ziyan vurduğu üçün 2016-cı ildə “Yırtıcısız Yeni Zelandiya – 2050” dövlət proqramı qəbul edilib. Bu proqram çərçivəsində ölkədə zərərli hesab edilən yırtıcıların yox edilməsi həyata keçirilir.
Hazırda ölkədə avropalılar tərəfindən gətirilmiş ev pişiklərindən törəmiş 2,5 milyondan çox vəhşi pişik mövcuddur. Bəzi bölgələrdə onların öldürülməsinə artıq başlanılıb, gələn ildən isə bu heyvanların tamamilə yox edilməsinə yönəlmiş tədbirlər görüləcək.
Vəhşi pişiklərin öldürülməsi planları heyvan haqları müdafiəçilərinin ciddi narazılığına səbəb olub. Onlar hökuməti həddindən artıq qəddarlıqda ittiham edirlər.






























