Fransada təhlükəsizlik məsələləri ilə bağlı artan narahatlıqlar prezident Emmanuel Makronun ictimai dəstəyini zəiflətməkdə davam edir.
Az.shafaqna.com xəbər verir ki,”Le Journal du Dimanche” nəşri bu barədə Fransa İctimai Rəy İnstitutunun (IFOP) sorğusuna istinadən məlumat yayıb.
Bildirilib ki, ölkə daxilində təhlükəsizlik problemləri, xüsusilə də Marseldə narkotiklərlə bağlı vəziyyət, Makronun əsas narahatlıq mövzularından biridir. Prezidentin şəhərə 15 dəfə səfər etməsinə baxmayaraq, narkotik cinayətlərinin səviyyəsi əhəmiyyətli şəkildə azalmayıb. Bundan başqa, “Böyük Marsel” şəhərsalma layihəsi də gözlənilən nəticələri verməyib.
Sorğunun nəticələrinə görə, respondentlərin cəmi 16%-i Makronun fəaliyyətini müsbət qiymətləndirir, 84%-i isə narazıdır.
Qəzet yazır ki, ümumi narazılıq göstəricisi əvvəlki ayla eyni qalsa da, Makrondan “tamamilə narazı” olanların payı 2 faiz artaraq 56%-ə çatıb. IFOP-un rəhbəri Frederik Dabie hesab edir ki, bu seçici qrupunu geri qaytarmaq Makron üçün mümkün deyil.
Prezidentin təyin etdiyi baş nazir Sebastien Lekornu da reytinq baxımından oxşar vəziyyətdədir: sorğuda iştirak edənlərin 66%-i onun fəaliyyətindən narazı olduğunu bildirib (ay ərzində +4 faiz). Lekornu siyasi tərəflərlə dialoq aparmağa qadir şəxs kimi dəyərləndirilsə də, Makrona həddindən artıq bağlılığı və konkret nəticə göstərməməsi ilə tənqid olunur. “Tam narazı” olanların faizi isə dəyişməyib — 25%.
Nəşrin qeyd etdiyi digər məqam isə Lekornunun 2026-cı ilin büdcə layihəsinə düzəliş edərək mübahisəli pensiya islahatını dayandırmaq cəhdinin ictimaiyyətdə demək olar ki, diqqət çəkməməsidir.
Bu düzəlişin Senat tərəfindən ləğv ediləcəyi artıq bildirilib və onun büdcənin yekun versiyasında saxlanılıb-saxlanılmayacağı hələ də qeyri-müəyyəndir.
Sorğu noyabrın 13-dən 21-dək 2000 nəfər arasında keçirilib.
