Az.shafaqna.com-un verdiyi xəbərə görə, Misirin əl-Dabaa Atom Elektrik Stansiyasının (AES) ilk reaktorunun təzyiq konteynerinin quraşdırılması mərasimi keçirilib.

Rusiya mətbuatının məlumatına əsasən, mərasimdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında iştirak ediblər.

Qahirənin şimal-qərbində yerləşən əl-Dabaa atom enerji layihəsinin dəyəri təxminən 28,5 milyard ABŞ dollarıdır. Onun 25 milyard dolları Rusiyadan 22 il müddətinə kredit şəklində alınıb. Layihənin icrasını isə Rusiyanın “Rosatom” şirkəti həyata keçirir.

Əl-Dabaa stansiyası ümumi gücü 4800 meqavat olan, təzyiqli su ilə işləyən yeni nəsil VVER-1200 (3+) tipli 4 reaktordan ibarət olacaq. Birinci reaktorun 2028-ci ildə işə salınması nəzərdə tutulur. Stansiyanın istismar müddəti 60 il olacaq.

Qeyd edək ki, Misirin ilk AES-nin tikintisi üzrə saziş 2017-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin Qahirəyə səfəri zamanı imzalanıb.