
Az.shafaqna.com xəbər verir ki, Konqo Demokratik Respublikasının Lualaba vilayətində böyük mədən çökməsi baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində ən azı 70 mədənçi həlak olub.
Faciə Kolvezi şəhəri yaxınlığında yerləşən Kavama mədənində baş verib. Güclü çökmə nəticəsində faydalı qazıntıların çıxarılması ilə məşğul olan onlarla işçi torpaq altında qalıb.
Hazırkı məlumata əsasən, xilasedicilər 70 nəfər həlak olan mədənçinin cəsədini çıxarmağa nail olublar. Yaralananların və itkin düşənlərin dəqiq sayı hələ müəyyən edilməyib.
Konqo Demokratik Respublikasının rəsmi hakimiyyəti hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Hadisə yerində xüsusi briqadaların və texnikanın iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam edir.
Konqo Demokratik Respublikasında bu cür qəzalar mədən sənayesində mütəmadi olaraq təkrarlanır. Mütəxəssislər əsas səbəb kimi dövlət nəzarətinin zəifliyini, əməyin təhlükəsizliyi qaydalarının daimi pozulmasını və çoxsaylı obyektlərdə infrastrukturun və avadanlığın ciddi köhnəlməsini göstərirlər.






























