
Bildiyimiz kimi son günlərdə Ermənistan Azərbaycan sərhədində ermənilər növbəti təxribata əl atıblar. Azərbaycan cavab olaraq cəza tədbirləri həyata keçirib, düşmənin 100-ə yaxın canlı qüvvəsi, həmçinin onlarla atəş və döyüş mövqeyi, texnikası məhv edilib. Buna baxmayaraq gedən döyüşlərdə Azərbaycan şəhid verib. Döyüşdə qələbə və şəhidlərin gözünü qırpmadan şəhadət şərbətini içmələri Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhiyyəsində böyük hərəkətlilik yaradıb, xalqda həmrəylik və vəhdət güclənib. Bəzi vətəndaşlar avtomobillərinin şüşəsinə şəhidlərin fotoşəkillərini qoyub, bəzi vətəndaşlar evlərindən bayraqlar asıblar, bizləri isə “simvolik ehsan” təşkil ediblər.
Belə bir “simvolik ehsan” aksiyalarından biri Bakı qəsəbələrinin birində təşkil olunub.
Az.shafaqna.com aksiyanın təşkilatçısı ilahiyyatçı – televiziya aparıcısı Oktay Quliyevdən münasibət alıb.
O bu aksiyada əsas məqsədin şəhidlərin yad edilməsi olduğunu qeyd edərək “Şəhidlərin hər biri bizim üçün dəyərlidir. Hamımızın vəzifə borcumuzdur – bu vətən, bu xalq üçün canından keçənlərin xatirəsinin əbədləşdirilməsi və yad olunması üçün bir iş görək. Düzdür bütün işlərimiz onların etdikləri qarşısında çox kiçikdir, Allah Təala şəhidləri qiymətləndirəcək, əcrlərini verəcək. Amma biz də, əlimizdən nə gəlirsə etməliyik. Digər tərəfdən belə bir işin də faydaları çoxdur. Gənclərdə, uşaqlarda vətənərvərlik hissi yaranır və ya daha da çoxalır. Bu cür təbliğ-təşviq kampaniyalarının təsiri budur ki, gələcəyimizin əsgərləri vətəni qorumaq üçün şövqlü olacaqlar.”, -deyə Oktay Quliyev bildirib.
Bu aksiyanın keçirilməsində məqsədini açıqlayan Oktay Quliyev deyib: “Etdiyimiz ehsan simvolik xarakter daşıyır. Əslində məqsəd şəhidlik məqamına diqqəti çəkməkdir. İnanın neçə-neçə vətəndaşlar gəlib şəhidlərimizin fotosu qarşısında durub, göz yaşlarını saxlaya bilmədilər, dualar etdilər. Allah bütün şəhidlərimizin ruhunu ucaltsın, Ordumuza güc və qələbə əta etsin!”


























