Uçan taksinin ilk tarifləri açıqlandı – ÇİNDƏ

Şanxayda gələcəkdə aerotaksi – uçan taksi ilə 10 dəqiqəlik uçuşun qiyməti 59 yuan (təxminən 8,3 ABŞ dolları) olacaq.

Az.shafaqna.com xəbər verir ki, bu barədə təklif 8-ci Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) çərçivəsində “Vertaxi” şirkəti tərəfindən təqdim edilib.

Şirkətin nümayiş etdirdiyi nəqliyyat vasitəsi elektriklə işləyən, şaquli qalxma və enmə qabiliyyətinə malik uçan aparatdır.

Şirkətin məlumatına görə, aerotaksi ilə 10 dəqiqə ərzində şəhərin yarısını qət etmək mümkündür — məsələn, şəhərin qərbindəki Hunçyao nəqliyyat qovşağından mərkəzdə yerləşən Luçyazuy biznes rayonuna qədər. Müqayisə üçün, bu məsafəni avtomobillə getmək təxminən 40 dəqiqə çəkir.

İstehsalçının hesablamalarına əsasən, ilkin mərhələdə aerotaksi qiymətləri adi taksilərdən bir qədər yüksək olacaq, lakin uçuş marşrutları genişləndikcə tariflər xeyli ucuzlaşacaq. Qısa məsafələr üçün uçuş qiymətləri 50 yuandan (təxminən 7 dollar), şəhərlərarası marşrutlar üçün isə 100 yuandan (təxminən 14 dollar) başlayacaq.

Beş yerlik aerotaksilərdə, həmçinin uzunluğu təxminən 50 sm olan beş ədəd standart çamadan da yerləşdirilə bilər.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş