
Avropada 7–9 yaşlı uşaqların 25%-i artıq çəki problemindən əziyyət çəkir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022–2024-cü illəri əhatə edən uşaq piylənməsinin monitorinqinə dair hesabatında qeyd olunub.
Sənəddə bildirilir ki, həmin yaş qrupundakı uşaqların 25%-də artıq çəki (piylənmə daxil olmaqla), 11%-də isə piylənmə aşkarlanıb. Artıq çəkinin yayılma səviyyəsi ölkələrə görə 9%-dən 42%-dək, piylənmənin isə 3%-dən 20%-dək dəyişir. Orta hesabla oğlan uşaqlarında (13%) piylənmə halları qızlara (9%) nisbətən daha çoxdur.
ÜST ekspertləri diqqətə çatdırıblar ki, artıq çəkisi olan valideynlərin 66%-i övladlarının çəkisini normal və ya az hesab edir. “Məlumat olan bütün ölkələrdə artıq çəkili uşaqların valideynlərinin yarıdan çoxu övladlarının çəkisini düzgün qiymətləndirmir,” – hesabatda deyilir.
Araşdırma zamanı 37 Avropa ölkəsindən 6–9 yaş aralığında olan təxminən 470 min uşağın boy və çəki göstəriciləri toplanıb. ÜST Avropada uşaq piylənməsinə dair monitorinqi 2007-ci ildən aparır və bu hesabat həmin təşəbbüs çərçivəsində hazırlanan altıncı sənəddir.
Bundan əlavə, BMT-nin Uşaq Fondu (UNICEF) sentyabrda yayımladığı məlumatda qeyd edib ki, 5–19 yaş arası artıq çəkili uşaqların və gənclərin sayı 2000-ci ildən bəri iki dəfə artaraq 391 milyona çatıb. 2025-ci ildə isə ilk dəfə olaraq, dünyada məktəb yaşlı uşaqlar və yeniyetmələr arasında piylənmə, qidalanma pozğunluğunun ən geniş yayılmış forması kimi arıq olmanı geridə qoyub.






























