
Az.shafaqna.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Suriya və Türkiyə hakimiyyəti ikitərəfli ticarəti və regional əlaqələri artırmaq üçün tranzit müqavilələri imzalayıb, viza prosedurlarını sadələşdirib, limanları və sərhəd sistemlərini modernləşdirib.
Suriya Quru və Dəniz Limanları Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Mazen Alluş Türkiyə ilə Suriya arasında sərhəd-keçid məntəqələrində koordinasiya və inteqrasiyanın sürətlə irəlilədiyini və tranzit daşınması müqaviləsinin bu ay tam qüvvəyə minəcəyini bildirib.
M.Alluş “Anadolu” Agentliyinə verdiyi müsahibədə deyib: “Biz demək olar ki, hər həftə Türkiyə rəsmiləri ilə görüşlər keçiririk. Problem yarandıqda, əlaqə saxlayırıq və əlimizdəki imkanlarla həll edirik”.
Ankaranın dəstəyinə görə minnətdarlığını bildirən Alluş ticarət, nəqliyyat və sərhəd idarəçiliyində əməkdaşlıq və koordinasiyanın davam etdiyini bildirib.
Alluş qeyd edib ki, avqust ayında İstanbulda imzalanan tranzit daşınması müqaviləsi çərçivəsində tətbiqə başlanılıb və yük daşınması üçün tranzit sistemi noyabr ayında yekunlaşdırılacaq.
Suriya rəsmisi bildirib ki, Suriya sürücülərinə vizalar 10 gün ərzində Hələbdəki Türkiyə Konsulluğu tərəfindən veriləcək. Türk sürücüləri isə vizalarını birbaşa sərhəd keçidindən ala bilərlər.
O, Türkiyə hakimiyyətinin ikili vətəndaşlığı olan suriyalıların Suriya nömrə nişanlı nəqliyyat vasitələri ilə Türkiyəyə daxil olmasına icazə vermək üçün ilkin qərar verdiyini və bu tətbiqin tezliklə başlayacağını bildirib.
Suriya rəsmisi qarşıdakı dövrdə Suriya nəqliyyat donanmasının inkişaf etdiriləcəyini vurğulayıb və məqsədin suriyalı sürücülərin Türkiyə vasitəsilə yenidən Rusiya, Gürcüstan, Ukrayna, Avropa və Körfəz ölkələrinə avtomobil yolu ilə çatmasına imkan yaratmaq olduğunu söyləyib.
Alluş həmçinin bildirib ki, Türkiyə vətəndaşları Suriyaya bütün mümkün dəstəyi göstərməyə davam edirlər.
O, qeyd edib ki, bu yaxınlarda Dəməşq Beynəlxalq Hava Limanında yeni radar sistemləri quraşdırılıb və bu sistemlər təyyarələrin gecə enişinə və uçuşuna imkan verir. Alluş humanitar yardım yük maşınlarının Türkiyədən rahat keçdiyini vurğulayıb və əlavə edib ki, Ankara bu baxımdan əhəmiyyətli rahatlıqlar yaradıb.
İndiyə qədər limanlarda 110.000 konteyner ilə bağlı işlər həll olunub.






























