Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində “Sankt-Peterburqda Revmatologiya Günləri” mövzusunda Beynəlxalq XXV Ümümrusiya Yubiley Konqresi keçirilib. Dünyanın aparıcı revmatoloqları, eləcə də müxtəlif ölkələrin elmi-tibbi ictimaiyyətinin nümayəndələrinin qatıldığı konqresə tanınmış akademiklər O.Drapkina, S.Sayqanov, V.Mazurov və Y.Nasonov həmsədrlik ediblər.

Tədbirin açılış mərasimində professor N.Hüseynov çıxış edərək böyük rus alimi, akademik V. Nasonovanın Azərbaycanda revmatologiyanın inkişafındakı mühüm roluna toxunub. O, akademikin zəngin elmi irsinin regionda kliniki revmatologiyanın formalaşmasında əvəzsiz xidmətlərini vurğulayaraq, Azərbaycanda revmatologiyanın formalaşması və tərəqqisi üçün möhkəm elmi baza yaratdığını bildirib.

Konqresin ikinci günü professor “Naftalan terapiyasının osteoartritli xəstələrin həyat keyfiyyətinə təsiri” mövzusunda plenar sessiyada məruzə ilə çıxış edərək, respublikamızın təbii və əvəzolunmaz sərvəti olan Naftalan neftinin müxtəlif müalicə üsullarının revmatoloji xəstəliklərin kompleks müalicə və reabilitasiyasında yüksək terapevtik təsirə malik olduğunu konqres iştirakçılarının diqqətinə çatdırıb.

Rusiya Revmatoloqlar Assosiasiyası ilə sıx elmi fəaliyyətinə və rəhbərlik etdiyi tədqiqatların yüksək qiymətləndirilməsinə görə professor N.Hüseynov Konqresin Təşkilat Komitəsi tərəfindən “Diplom” ilə təltif olunub.

Bu nüfuzlu konqresdə professor N.Hüseynovun çıxışı Azərbaycan Tibb Universitetinin yüksək potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycan elminin beynəlxalq miqyasda tanıdılması baxımından da əhəmiyyətlidir.

Əvvəlki məqaləMetroda bank kartları ilə ödənişə başlanılıb
Növbəti məqalədəŞavkat Mirziyoyev İlham Əliyevi Özbəkistana səfərə dəvət edib