Az.shafaqna.com xəbər verir ki, Tbilisi meriyası 2026-cı ildən etibarən şəhərdə qeydiyyatda olan sakinlər üçün iki yeni səhiyyə proqramını maliyyələşdirəcək.
Bu barədə Tbilisi meri Kaxa Kaladze məlumat verib.Yeni proqramlar xərçəngin erkən aşkarlanması və ağciyər xərçəngi üzrə skrininq tədbirlərini əhatə edəcək.
Gürcüstan Səhiyyə Nazirliyinin islahatına əsasən, 2024-cü ildən etibarən ölkə vətəndaşı olan onkoloji xəstələr üçün müalicə tamamilə pulsuzdur. Dövlət maliyyələşməsi dərman təminatı, kimyaterapiya, şüa terapiyası və onkocərrahiyyə xidmətlərini əhatə edir.
“Xərçəngin erkən mərhələdə aşkarlanması üçün müayinələr tam şəkildə maliyyələşdiriləcək. Əhali bu xidmətlər üçün heç bir ödəniş etməyəcək,” – deyə Kaladze bildirib.
Gürcüstanda xərçənglə mübarizə proqramı
Gürcüstanda onkoloji xəstəliklərin müalicəsi bütün vətəndaşlar üçün bərabər şəkildə əlçatandır və bu sahədə dövlət maliyyələşməsi ildən-ilə artır. Hər bir onkoloji xəstə üçün dövlət tərəfindən ayrılan 25 min lari (9300 dollar) limitindən əlavə, resept əsasında apteklərdən alınan dərmanlar da ayrıca maliyyələşdirilir.
2023-cü ildən etibarən kimyaterapiya, hormonoterapiya və onkocərrahiyyə xidmətləri bütün vətəndaşlar üçün pulsuz şəkildə təmin edilir. Ümumi səhiyyə proqramı ilə yanaşı, Səhiyyə Nazirliyi fərdi hallarda pasiyentlərin ehtiyaclarını da Referral Komissiyası çərçivəsində qiymətləndirir.

