
Az.shafaqna.com-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İtaliyanın paytaxtı Romada — Kolizeyin yaxınlığında yerləşən məşhur “Zəfər tağı” önündə keçirilən beynəlxalq tədbirdə fəxri qonaq qismində iştirak edib.
Bu mötəbər toplantıya dünyanın müxtəlif ölkələrindən tanınmış dini liderlər qatılıblar.
“Sant’Egidio” katolik icmasının “Sülhə cəsarət edin” devizi altında təşkil etdiyi beynəlxalq dialoq və sülh naminə dua mərasiminin yekun tədbiri kimi keçirilən bu görüşdə müsəlman dini liderlər arasında yalnız iki şəxs iştirak edib — şeyxülislam Allahşükür Paşazadə və Misirin Əl-Əzhər şəhərinin ali imamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib.
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo çıxışı zamanı sülhün müqəddəsliyinə toxunaraq bildirib: “Artıq müharibələrə son verməyin vaxtıdır — onların yaratdığı ölüm, dağıntı və sürgünlər insanlığa böyük acılar gətirib. Müharibə müqəddəs ola bilməz, yalnız sülh müqəddəsdir, çünki bu, Allahın istədiyidir. Tarixin zorakılıqla dolu səhifələrini arxada qoyub, yeni – sülh və anlayış üzərində qurulan bir dövrə qədəm qoymalıyıq.”
Pontifik həmçinin dinin adından sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb. O qeyd edib ki, insanları müharibəyə təhrik edənlər və sülhün qarşısını alanlar öz əməllərinin cavabını verməli olacaqlar.
Tədbir çərçivəsində “Sant’Egidio” icmasının rəhbəri Marko İmpalyazzo ilə yanaşı, müxtəlif din xadimləri və alimlər də çıxış ediblər.
Artıq 39-cu dəfə keçirilən bu beynəlxalq görüş, dövrümüzün ən aktual məsələlərindən olan dinc birgəyaşayış, həmrəylik və qlobal sülhün yeni perspektivlərinin müzakirəsinə həsr olunub. Toplantı dünyanın müxtəlif din, mədəniyyət və siyasi çevrələrindən nümayəndələri bir araya gətirib.






























