
Qəzza sektorunun səhiyyə sisteminin bərpası üçün azı 7 milyard dollar tələb olunacaq.
Az.shafaqna.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
“Qəzzada səhiyyə sisteminin bərpası üçün ümumi xərclər ən azı 7 milyard dollar təşkil edəcək”, – deyə o qeyd edib.
ÜST rəhbərinin sözlərinə görə, təşkilat indiyədək 41 xəstə və onları müşayiət edən 145 nəfərin bir neçə ölkəyə təxliyəsini təmin edib.
“Hazırda hələ də 15 minə yaxın xəstə Qəzza xaricində müalicəyə ehtiyac duyur, onların arasında 4 min uşaq var”, – deyə Qebreyesus əlavə edib. O həmçinin bildirib ki, 700-dən çox insan təxliyə olunmadan həyatını itirib.
Xatırladaq ki, İsrail Qəzza sektorunda Fələstin xalqına qarşı hərbi cinayətlər – kütləvi qırğınlar və soyqırımı həyata keçirir. Həmçinin İsrail demək olar ki, bütün mülki infrastrukturları, o cümlədən də xəstəxanaları və səhiyyə ocaqlarını qəsdli şəkildə məhv edib.
BMT, Avropa İttifaqı və Dünya Bankının ilkin qiymətləndirməsinə əsasən, Qəzzanın ümumi bərpası üçün təxminən 70 milyard dollar tələb olunur, lakin bu məbləğ bütün ərazilərin tam şəkildə bərpasına kifayət etməyəcək.






























