Marneulidə AtaHoldinqin binasında Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçlığı ilə Azərbaycan xalqının qanlı və şanlı 20 Yanvar günü ilə bağlı “20 Yanvar – Azadlığın qanlı yolu” adlı tədbir keçirilib.
Az.shafaqna.com xəbər verir ki, Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutdan və ruhlarına oxunan Quran ayələrindən sonra GAİM-in bəzi müəllim və şagirdləri ilə yanaşı, Bolnisidən, Qardabanidən, Rustavidən təşrif buyurmuş qonaqlar çıxış edərək, 20 Yanvar və 9 Aprel tarixlərinin Azərbaycanın və Gürcüstanın müstəqilliyi yolunda ağır faciələrlə müşayiət olunan ən şərəfli gün olduğunu vurğulayıblar.
Rafik Hümmət tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin əsas səbəbləri barədə danışıb.
O qeyd edib ki, ötən əsrin 80-ci illərin sonlarında Azərbaycan xalqının azadlıq uğurundakı mübarizəsi keçmiş imperiya rəhbərliyini təşvişə salmışdı. Xalqın azadlıq yolundakı mübarizə zəmini qırmaq istəyən imperiya qüvvələri heç bir xəbərdarlıq etmədən, fövqəladə vəziyyət elan etmədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın Bakı şəhərinə qoşun hissələri yeridib, dinc əhaliyə divan tutub. Nəticədə yüzlərlə insan qətlə yetirilib və yaralanıb.
O, eyni zamanda işğalçı imperiya qoşunlarının 1989-cu ilin 9 aprel tarixində Gürcüstanda da qətliam törədərək vətəndaşlarımızı şəhid etdiyini qeyd edib.
Müxtəlif bölgələrdən olan şagirdlərin ifasında səslənən şeirlər və bədii kompozisiya iştirakçılarda kövrək təəssürat yaradıb. Pandemiya səbəbindən məhdud sayda iştirakçının qatıldığı tədbirdə müqəddəs şəhidlərimizin xatirəsinə təşkil olunmuş guşədə gül dəstələri düzülərək şamlar yandırılıb.
Həmçinin 20 Yanvar 1990 – 20 Yanvar 2021 tarixlərini əhatə edən, Qarabağın işğaldan azad olunmasını da özündə əks etdirən foto-slaydlar nümayiş olunub.
Tədbirin sonunda Rafiq Hümmət çıxış edən şagirdlərə müxtəlif adda kitablar hədiyyə edib.
Bu məqaləni paylaş