
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 2-də Danimarka Krallığının paytaxtı Kopenhagendə keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammitində iştirak edəcək.
Gürcüstan hökumətinin məlumatına əsasən, Avropa Siyasi Birliyinin 7-ci konfransı çərçivəsində müxtəlif ölkələrin, o cümlədən Avropa dövlətlərinin liderləri və beynəlxalq təsisatların rəhbərləri siyasi dialoq və əməkdaşlığa dəstək yolu ilə Avropa qitəsində təhlükəsizlik və sabitliyin gücləndirilməsini müzakirə edəcəklər.
“Sammit plenar sessiya ilə açılacaq. Həmçinin, dəyirmi masa formatında tematik müzakirələr planlaşdırılıb. İrakli Kobaxidze əsas mövzusu “İqtisadi təhlükəsizlik – Avropa asılılıqlarının azaldılması” olan müzakirədə iştirak edəcək” – Gürcüstan hökumətinin məlumatında deyilir.
Gürcüstan hökumətinin məlumatına əsasən, Gürcüstanın Baş naziri xarici işlər naziri Maka Bocorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin tərkibində olduğu nümayəndə heyəti ilə birlikdə Avropa Siyasi Birliyinin sammitinə gedib.






























