Cənubi Koreya hökuməti 2026-cı il dövlət büdcəsində müdafiə sahəsinə 66,3 trilyon von (təxminən 47,07 milyard ABŞ dolları) ayırmağı planlaşdırır.
Az.shafaqna.com xəbər verir ki, göstərici əvvəlki illə müqayisədə 8,2 faiz artım deməkdir.
Prezident Li Çje Men çıxışında qeyd edib ki, əsas prioritetlərdən biri müasir silah sistemlərinə sərmayə qoyuluşu olacaq. O, xüsusilə süni intellekt, pilotsuz uçuş aparatları və robot texnologiyalarının inkişafına diqqət yetiriləcəyini vurğulayıb.
Dövlət başçısı həmçinin dəyişən geosiyasi vəziyyətə toxunaraq, dünya miqyasında sabitliyin zəiflədiyini və uzun müddətdir davam edən nisbətən sakit dövrün sona yaxınlaşdığını bildirib. Onun sözlərinə görə, artan təhlükələr fonunda özünümüdafiə qabiliyyətini gücləndirmək Cənubi Koreya üçün zəruri şərtdir.
Li Çje Men əlavə edib ki, ölkə yalnız öz hərbi potensialını artırmaqla kifayətlənməyəcək, həm də ABŞ-la mövcud müttəfiqlik çərçivəsində birgə müdafiə siyasətini davam etdirəcək.
