Dünyada artıq çəkidən əziyyət çəkən uşaqlar və yeniyetmələrin sayı son 25 ildə iki dəfə artaraq 391 milyon nəfərə çatıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə BMT Uşaq Fondunun (UNICEF) qlobal uşaq qidalanması problemlərinə həsr edilmiş hesabatında bildirilir.

“2000-ci ildən bəri artıq çəkidən əziyyət çəkən 5-19 yaşlı uşaqlar və yeniyetmələrin sayı 194 milyondan 391 milyona çatıb”, – deyə qeyd edilib.

Əlavə edilib ki, 2025-ci ildə tarixi dönüş nöqtəsi də yaşanıb: uşaqlar və yeniyetmələr arasındakı piylənmə çəki çatışmazlığı problemlərindən daha geniş hal alıb. Piylənmə 9,4%, çəki çatışmazlığı isə 9,2% olub.

Piylənmə probleminin artması qeyri-bərabər xarakter daşıyır. Bu halla bağlı “şiddətli partlayış” Cənubi Asiyada baş verib – burada artıq çəkili uşaqların sayı 5 dəfə artıb. Şərqi Asiya, Sakit Okean regionu, Latın Amerikası və Yaxın Şərqdə isə artım orta olub – təxminən 10 faiz.

Ekspertlərin fikrincə, problemin kökündə qeyri-sağlam qida mühiti durur. Uşaqların rasionunda dərin emala məruz qalmış və tərkibində yüksək miqdarda şəkər, duz və zərərli yağlar olan fastfudlar çoxalır.

Uşaq piylənməsinin ən yüksək səviyyəsi Sakit Okeanın ada dövlətlərində qeydə alınıb.