
Az.shafaqna.com “IslamNews”-ə istinadən xəbər verir ki, Pol Poqba Avropanın ən məşhur futbolçularındandır. 27 yaşının olmasına baxmayaraq, o, futbol karyerasında böyük uğurlara imza atıb.
Çox sayda mükafat və titullara baxmayraq, onun bir şəxsiyyət kimi formalaşmasına, güclü xarakterə sahib olmasına və zəhmətkeşliyinə ən böyük təsiri İslam dini göstərib.
Ailənin futbolçunun həyatındakı böyük rolu
Pol Poqba əslən Afrikanın qərbində yerləşən Qvineyadandır. Statistikaya əsasən, bu ölkə əhalisinin təxminən 90%-i müsəlmandır.
Pol hələ dünyaya gəlməmişdən bir neçə il qabaq onun ailəsi Fransaya – Parisin yaxınlığındakı Lanyi-sür-Marn şəhərciyinə köçür.
Onun həmçinin 2 böyük qardaşı da var, onlar da futbolçudur.
Övladlarının idmanda böyük uğurlar qazanmasını istəyən ana və atasının dəstəyi sayəsində qardaşlar möhkəm qətiyyətlə öz hədəflərinə doğru hərəkət ediblər. Valideynləri onları gənclər üçün nəzərdə tutulmuş futbol akademiyasına oxumağa göndəriblər və qərarlarında da yanılmayıblar.
Pol öz anasına böyük ehtiram və şəfqətlə yanaşır. Minnətdarlıq əlaməti olaraq 2018-ci ildə qazandığı dünya çempionu medalını anasına hədiyyə edib.
Allaha dua və şükr – çempionun uğur sirri
İdmançı olduqca varlı olmasına baxmayaraq, bu, onun üçün həyatdakı əsas şey deyil. Pol Poqba mömin bir müsəlmandır. O, idman və dünyəvi libaslarını bir kənara atıb ehram bağlayaraq Məkkə ziyarətini yerinə yetirib.
Onun 2017-ci ildə Avropa Liqasındakı uğurlu çıxışlara görə Allaha təşəkkürünü bildirməsi üçün Məkkəyə getməsi faktı Polun öz dinini əsla unutmadığının göstəricisidir. Növbəti il dünya çempionatına hazırlaşan zaman, o, yenidən Məkkəyə gedərək Allaha dualar edib.
İman – idmançının əxlaqi təməli
İslam dini ona var-dövlət və şöhrətə düzgün yanaşmağa kömək edir. 2016-cı ildə o, dünyanın ən bahalı futbolçusu elan edilib. O, bu faktı İslamın təvazökarlıq prinsipinə əsaslanaraq belə şərh edib: “Mən bu səviyyəyə çatmaq üçün bir çox şeyi fəda etdim. Əvvəl-əvvəl mən öz ailəmi demək olar ki, görmürdüm. Günlərim doğmalarım və dostlarımdan uzaqda fasiləsiz şəkildə səyahət və məşqlərdə keçirdi. Əsas olan ağlını itirməmək və təslim olmamaqdır”.
Pol Poqba öz futbolçu karyerası ərzində öz xarici görkəminə, afrikalı və müsəlman olduğuna görə dəfələrlə pis və hətta aqressiv rəftarla üzləşib. Hər şeydən öncə möhkəm imanının sayəsində, o, həyatının çətin və mənfi anlarının öhdəsindən gəlir.






























