Az.shaqna.com “The Washington Post”-a istinadən xəbər verir ki, Avstraliya hökuməti ABŞ-da gələn göyərçini karantin xidmətinin ehtiyat tədbirləri səbəbi ilə öldürə bilər.

26 dekabrda Melburn şəhərinin yaxınlığında yaşayan Kevin Selli-Berd öz sahəsində ev göyərçini tapıb. O, müəyyən edə bilib ki, quş ABŞ-da qeydiyyatdadır və ABŞ-da da 29 oktyabrda keçirilmiş göyərçin yarışlarında iştirak etməli idi.

Selli-Berd göyərçini ABŞ-ın yeni seçilən prezidenti Co Baydenin şərəfinə Co adlandırıb.

Mütəxəssislər ehtimal edirlər ki, quş Avstraliyaya 13 min km qət edərək yük gəmisində gətirilib. Karantin və inspeksiya xidməti göyərçinlə maraqlanmağa başlayıb.

“Onlar (xidmət əməkdaşları) bildiriblər ki, əgər (göyərçin) Amerikadandırsa, o zaman onların (quşda müəyyən edilə biləcək) xəstəliklərlə bağlı əndişələri var”, – deyə Selli-Berd qeyd edib.

Hazırda quş özünə yaxınlaşmağa icazə vermir. Onun tutulması ilə peşəkarlar məşğul ola bilər.