Fransalı tibb işçiləri yeni qan qrupu tapıblar.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Fransa Qan Qurumu məlumat yayıb.
Sözügedən qan qrupu dünyanın ən nadir qan qrupu elan edilib – hələlik yalnız 1 nəfərdə aşkar edilib.
Əslən Qvadelupadan olan Paris sakini qadın hələ 2011-ci ildə əməliyyatdan öncə planlı tibbi müayinələrdən keçib və elə o zaman onda məlum olan heç bir qan qrupuna daxil olmayan qeyri-adi antitellər aşkar edilib.
Lakin 10 ildən sonra DNT-nin yüksək performanslı sekvensiyasının inkişafı ilə alimlər dəqiqliklə müəyyən edə biliblər ki, söhbət yeni genetik mutasiyadan gedir. Bu kəşf illərlə davam etmiş işin nəticəsi olub və 2025-ci ilin iyun ayında Beynəlxalq Qan Köçürülməsi Cəmiyyətinin (ISBT) Milanda keçirilən konfransında rəsmi şəkildə tanınıb. Beləliklə də, “Mənfi Gwada” rəsmi şəkildə tanınmış 48-ci qan qrupu sistemi olub.
Qeyd edilib ki, bu qan qrupundan olan qan yalnız həmin pasiyentin özünə verilə bilər.
Həmin qadın bu qan qrupunu valideynlərindən götürüb – onun həm anası, həm də atası eyni gendə nadir mutasiyaya sahib idilər. İki bu cür nüsxə olmadan orqanizm bu cür unikal xüsusiyyət sərgiləməz.
Sözügedən kəşf təkcə nəzəri yox, həm də praktiki dəyərə sahibdir – bu, nadir qan qruplu insanların diaqnostikasını və onlara qanın köçürülməsi prosesini yaxşılaşdıra bilər.
Həmin qan qrupu hazırda unikal olsa da, alimlər Qvadelupadan olan insanların arasında eyni qanın tapıla biləcəyini istisna etmirlər.![]()
