Az.shafaqna.com xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Qədir Xum bayramı münasibətilə təbrik mesajı yayıb.
Təbrik mesajında deyilir:
“Bağışlayan və mehriban Allahın adı ilə
Qədir-xum bayramı İslam tarixində xüsusi əhəmiyyətə malik olan bayramlardan biridir. Tarixdə qeyd olunur ki, Hicri 10-cu ilin zilhiccə ayının 18-də İslam Peyğəmbəri (s) minlərlə müsəlmanın müşaiyəti ilə sonuncu həcc ziyarətindən – “Həccətül-vida” – dan qayıdarkən, Cöhfə məntəqəsinin Qədir-xum çölündə, Allah tərəfindən ona bu ayə nazil olur. “Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) yerinə yetirməmiş olarsan. Allah şübhəsiz ki, səni insanların şərindən qoruyacaqdır. Şübhəsiz ki, Allah kafirləri doğru yola yönəltməz”. («Maidə» surəsi, 67)
Həmin gün İslam Peyğəmbəri (s) Allahın əmri ilə bütün müsəlmanlar üçün mühüm əhəmiyyət bu önəmli İlahi Mesajı, yəni özündən sonrakı rəhbərlik mesajını çatdırmaq üçün Həzrət Əlinin (ə) əlindən tutub göyə qaldıraraq belə buyurdu: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.».
Peyğəmbərimiz (s) bu mesajı ilə İmam Əlini (ə) özündən sonra canişin və rəhbər olaraq İslam Ümmətinə təqdim edir.
Bundan sonra İslam tarixində yeni bir səhifə açılır.
O gündən bəri əsrlərdir Vilayətin əhəmiyyətli mesajı dünyanın hər tərəfində nur saçaraq möminlərin qəlblərini nurlandırmaqdadır.
Bu hadisə ilə bizlər İslamın Vilayət mesajının önəmini anlayır və İmam Əli (ə) və ondan sonra digər imamların İlahi Rəhbərlik missiyasını qəbul etmiş oluruq. Bu mesaj elə bir mesajdır ki, din bununla kamil olmuşdur.
Əziz müsəlmanlar, hər birinizi bu – müqəddəs Qədir-xum bayramı münasibətilə təbrik edirəm.
Allah bizi dünya və axirətdə vilayətdən ayrı salmasın!”































