Az.shafaqna.com-un verdiyi xəbərə görə, ABŞ və Çin nümayəndələri ticarət, texnologiya və diplomatiya sahəsindəki mübahisələri həll etmək üçün İngiltərənin paytaxtı Londonda görüşüblər.
Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair yüksək səviyyəli danışıqların növbəti raundu iyunun 9-da Londonda başlayır. Danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen rəhbərlik edir. ABŞ nümayəndə heyətinə maliyyə naziri Skot Besent, ticarət katibi Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qrir daxildir. Bu, Donald Trampın hazırkı prezidentliyi dövründə iki ölkə arasında rüsum və ya ticarət müharibəsi başlayandan bəri tərəflər arasında 2-ci, dövlət başçıları arasında telefon danışığından sonra isə ilk yüksəksəviyyəli təmasdır.
Tərəflər arasında ilk danışıqlar ötən ayın 10-11-də Cenevrədə keçirilmişdi. Görüşdən sonra hər iki ölkənin nümayəndə heyəti ticarət danışıqlarında irəliləyişin əldə olunduğunu açıqlamışdı. Ən vacib nəticə isə tərəflərin ilkin mərhələdə 90 günlük müddətinə bir-birilərinin mallarına idxal rüsumlarının tətbiqini azaltmaq barədə razılığı idi. Belə ki, görüşün yekununa dair imzalanmış bəyanata əsasən, mayın 14-dən ABŞ Çin mallarına tətbiq etdiyi tarifləri müvəqqəti olaraq 30 faizə, Çin isə Amerika idxalına tətbiq etdiyi rüsumları 10 faizə endirməyə razılaşmışdı.
Bundan başqa, tərəflər Çin Baş nazirinin müavini Hı Lifen, ABŞ-ın maliyyə naziri Skot Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qririn rəhbərliyi altında iqtisadi və ticarət əlaqələri ilə bağlı müzakirələri davam etdirmək üçün mexanizm yaratmaq barədə razılığa gəliblər. İyunun 8-də Çin tərəfi bəzi nadir torpaq metallarının ixracına tətbiq etdiyi qadağını yumşaldıb.
