
Az.shafaqna.com: İslam tarixi boyunca böyük imamların həyatından bizlərə ötürülən hər bir hadisə dərs, hikmət və mənəvi bir oyanış qaynağı olmuşdur. Bu şəxsiyyətlərdən biri də İmam Cəfər Sadiqdir (ə) – elm, təqva və əxlaq nümunəsi kimi tanınan altıncı İmam. Onun vəfat anı ilə bağlı nəql edilən bir xatirə, həm mənəvi, həm də əxlaqi baxımdan dərin mesaj daşımaqdadır.
Əbu Bəsiri ağladan mənzərə
Əbu Bəsir deyir: Mən Ummu Həmidənin yanına gedib Cəfər Sadiqin (ə) dünyadan getməsini ona baş sağlığı verdim. O ağladı, mən də onun ağlamğına baxıb ağladım. Sonra dedi: Ey Əba Məhəmməd, əgər İmam (ə) can verərkən görsəydin, qəribə şeylər hiss edərdin. O, son anlarda gözlərini açıb buyurdu: Mənimlə qohum olan bütün şəxsləri bir yerə yığın. Hamı bir yerə toplandıqdan sonra Həzrət onlara baxıb buyurdu: “Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.”
İmam (ə) vəfatından öncə bunları dedi…
Bu hadisə təkcə İmamın (ə) vəfatı ilə bağlı bir xatirə deyil, həm də əbədi bir xəbərdarlıqdır. O, həyatının son anlarında belə insanları Allaha yaxınlaşdıran əsas ibadət olan namaza qarşı məsuliyyətə çağırmışdır. İmamın (ə) bu sözləri göstərir ki, bir şəxsin müsəlman olması və ya Əhli-Beyt (ə) məktəbinə mənsub olması kifayət deyil; şəfaət, həm də əməl və itaətlə sıx bağlıdır.
İmam Cəfər Sadiq (ə) bu kəlamı ilə bizə bildirir ki, dinin sütunu olan namaz yalnız yerinə yetirilməli bir əmr deyil, həm də ciddi şəkildə dəyərləndirilməli, yüngülə alınmamalı bir məsuliyyətdir. Onun şəfaətindən bəhrələnmək istəyən hər bir mömin bu əsas ibadətə sevgi və diqqətlə yanaşmalıdır.



























