HƏMAS Qəzza sektorunda atəşkəsə dair yeni təklifin mətnindəki silahsızlaşdırma ideyasını qəti şəkildə rədd edib.

Az.shafaqna.com “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın rəhbərlərindən biri Samir Əbu Zuhri bəyan edib.

“Müqavimətin silahı – bu, bizim qırmızı xəttimizdir. Onun təslim edilməsindən söhbət getmir və gedə də bilməz”, – deyə o qeyd edib.

Əbu Zuhrinin sözlərinə görə, beynəlxalq vasitəçiləri verilmiş təklif gözdən keçirilməkdədir və onunla bağlı məsləhətləşmələr davam edir.

O, İsrailin yeni təklifində atəşkəs öhdəliyinin olmadığına, İsrailin sadəcə olaraq əsirləri geri qaytmarmağa çalışdığına diqqət çəkib

HƏMAS rəsmisi həmçinin bildirib ki, Qəzzada atəşkəsə dair danışıqlar çərçivəsində HƏMAS-a göndərilmiş təklifin müəllifi İsraildir və ilk dəfə olaraq atəşkəsin ikinci mərhələsinə dair danışıqlar çərçivəsində HƏMAS-ın silahsızlaşdırılması təklifini ehtiva edir.

“Müqavimətin silahı – bu, bizim milyon dəfə qırmızı xəttimizdir. Biz nəinki silahsızlaşdırmadan imtina edəcəyik, biz heç bu cür fikri müzakirə belə etməyəcəyik”, – deyə o əlavə edib.

O deyib ki, HƏMAS bütün əsirləri azad etməyə hazırdır, şərti isə budur ki, İsrailin Qəzza sektoruna qarşı bütün hücumları durdurulmalı və oradakı bütün İsrail qoşunları tam şəkildə çıxarılmalıdır.

“İsrail baş naziri Binyamin Netanyahu öz siyasi gələcəyi maraqları çərçivəsində hərəkət edir, ABŞ prezidenti Donald Tramp isə onun Qəzza sakinlərinin qətliamındakı şərikidir”, – deyə o əlavə edib.

HƏMAS rəsmisi Trampın Yaxın Şərqdə maydakı səfərini də tənqid edib. Onun sözlərinə görə, “əlində qəzzalı qadın və uşaqların qanı olan” Trampın bölgəyə səfəri xoş qarşılanmamalıdır.

O deyib ki, HƏMAS geri çəkilmək fikrində deyil və mübarizəsini davam etdirəcək.

“Biz heç vaxt xalqımızın iradəsini sındırmağa icazə verməyəcəyik. HƏMAS təslim olmayacaq, ağ bayraq qaldırmayacaq və işğalçı İsrailə təzyiq üçün bütün mümkün vasitələrdən istifadə edəcək”, – deyə o bildirib.

O, sonda vurğulayıb ki, istənilən saziş bir sıra prinsipial şərtləri ehtiva etməlidir: tam və daimi atəşkəs, İsrail qoşunlarının Qəzza sektorundan tam çıxarılması, əsir mübadiləsinə dair həqiqi razılaşmanın icrası, dağıdılmış infrastrukturun bərpasına dair genişmiqyaslı proqramın başladılması, həmçinin Qəzzadakı Fələstin xalqına qarşı blokadanın aradan qaldırılması.

Əvvəlki məqaləAzərbaycanda qatarların sürət həddi endirilib
Növbəti məqalədəAyətullah Sistaninin nümayəndəsi Kerman vilayətinə səfər edib – FOTO