Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Qətər əmiri Təmim bin Həmad Ali-Tani və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ali-Səud münasibətlərin yoluna qoyulmasına dair sazişi imzalamağa razılıq veriblər.

Bu barədə Küveytin XİN başçısı Əhməd Nasser əs-Sabah məlumat verib.

Qeyd edilir ki, müvafiq sənəd Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin liderlərinin sammitinin yekununda imzalanacaq. Sammit Səudiyyə Ərəbistanında keçiriləcək.

“Küveyt əmiri bazar ertəsi günü axşam saatlarında Qətər əmiri və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefon danışıqları keçirib. Onlar region ölkələri arasında qardaşlıq münasibətlərini möhkəmlətmək istəklərini təsdiq ediblər və əl-Ulaadakı sammitin yekununda bütün münaqişəli məsələlərin yoluna qoyulması ilə bağlı sazişi imzalamağa razılıq veriblər”, – deyə əs-Sabah bildirib.

Qeyd edilir ki, Küveyt bu münaqişə ərzində iki ölkə arasında vasitəçi qismində çıxış edib.

Daha öncə KİV-lər yazmışdı ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir rəhbərlikləri 5 yanvarda Qətərin blokadasının dayandırılmasına dair razılığa imza atmağa hazırlaşır.

Xatırladaq ki, 2017-ci ilin yayında bir sıra ərəb ölkələri Qətərə blokada elan edib. Blokada çərçivəsində bir sıra iqtisadi və diplomatik addımların atılması nəzərdə tutulurdu.

Qətər blokadadan qurtulmaq üçün bir sıra şərtləri yerinə yetirməli idi. Xüsusilə də, Qətərə 13 maddədən ibarət ultimatum elan edilmişdi.

Əvvəlki məqaləAzərbaycanda zəlzələ olub
Növbəti məqalədəSərnişindaşımada qiymət artımı ilə bağlı müraciət olunmayıb – RƏSMİ