Rusiya vətəndaşları Latviyada daşınmaz əmlak ala bilməyəcəklər – ƏTRAFLI

Az.shafaqna.com xəbər verir ki, Rusiya və Belarus vətəndaşlarına, eləcə də bu ölkələrlə əlaqəli hüquqi şəxslərə Latviyada daşınmaz əmlak almağı qadağan edən qanun layihəsi Seymdə (Parlament) birinci oxunuşdan keçib.

Latviyanın Seymi 20 fevral, cümə axşamı günü Rusiya və Belarus vətəndaşlarının ölkədə daşınmaz əmlak almasını qadağan edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib. B

u barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu təşəbbüs “milli təhlükəsizliyi qorumaq və onun maraqlarına potensial təhdidlərin qarşısını almaq məqsədi daşıyır”. Müvafiq qadağanın həmçinin Rusiyada və Belarusda qeydiyyata alınmış hüquqi şəxslərə, habelə adıçəkilən ölkələrin vətəndaşlarının birbaşa və ya dolayısı ilə ən azı 25% paya sahib olduğu və ya benefisiarı olduğu hüquqi şəxslərə də şamil olunacağı planlaşdırılır.

Seymin deputatları: “Rusiya hibrid müharibə aparır”

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, “Rusiya Ukraynada apardığı müharibə ilə paralel olaraq, onun aqressiyasını dəstəkləməyən digər demokratik və ya suveren dövlətlərlə də hibrid müharibə aparır”. Latviya da belə dövlətlər sırasına daxildir.

Latviya Seyminin saytında qanun layihəsinin müəlliflərinin arqumentləri belə izah edilir:
“Rusiyanın qeyri-hərbi təsir alətlərindən biri və hibrid müharibə elementlərindən biri digər ölkələrdə dolayısı ilə daşınmaz əmlak əldə etməkdir. Rusiya, həmçinin, başqa ölkələrdə vətəndaşlarının mövcudluğunu müharibəyə başlamaq üçün bir səbəb kimi istifadə edib və hərbi əməliyyatlarını öz vətəndaşlarını qorumaqla əsaslandırıb”.

Açıqlamada bildirilir ki, qanun layihəsi mülkiyyət hüququnun bütün növ alqı-satqı və ya ötürmə formalarına şamil ediləcək. Buraya alqı-satqı müqavilələri, satınalma hüququ ilə icarə, bağışlama, mübadilə, aliment müqavilələri, hərraclar, miras müqavilələri və digər əqdlər daxildir ki, bu yolla maraqlı şəxslər Latviyada daşınmaz əmlak sahibi ola bilərlər.

İstisnalar

Bu arada, LSM+ portalı (“Latviya İctimai Medianı”) qeyd edir ki, qanunun geriyə qüvvəsinin olmayacağı nəzərdə tutulur. Beləliklə, məhdudiyyət daha əvvəl bağlanmış müqavilələrə şamil edilməyəcək və həmçinin, qanun qüvvəyə minməmişdən əvvəl Latviyada Aİ-nin daimi sakini və ya daimi yaşayış icazəsi almış adıçəkilən ölkələrin vətəndaşlarına aid edilməyəcək.

“Meduza” onlayn nəşrinin xatırlatmasına görə, oxşar qanun 2023-cü ildən Litvada qüvvədədir, Finlandiyada isə buna bənzər tədbirlər hazırlanır.

Bu məqaləni paylaş