
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Qətərdə səfərdədir.
Az.shafaqna.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məluamt verilib.
Yaşar Güler səfər çərçivəsində ilk olaraq Qətər Baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Şeyx Səud Bin Əbdülrəhman Bin Həsən Bin Əli Al Tani ilə görüşüb.
Hərbi mərasimlə qarşılanan türkiyəli nazir qətərli həmkarı ilə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıb.
Görüşün ardından Türkiyə ilə Qətər arasında hərtərəfli əməkdaşlıq protokolları imzalanıb.
Milli Müdafiə Nazirliyinin bəyanatında aşağıdakı ifadələr yer alıb:
“Nazirliyimizə tabe olan ASFAT AŞ və MKE AŞ ilə Qətər Müdafiə Nazirliyinə tabe olan “Barzan” holdinq arasında müdafiə və investisiya sahələri də daxil olmaqla geniş əməkdaşlıq protokolları imzalanıb. İmzalanan protokollar Qətər və Türkiyə arasında birgə investisiyaları və əməkdaşlığı əhatə etməklə yanaşı iki ölkənin razılaşdığı hər hansı üçüncü tərəf digər ölkələrlə əməkdaşlıq qurmağı və inkişaf etdirməyi hədəfləyir”.