
Gürcüstanın məhv edilməsi təhlükəsi hələ də mövcuddur.
Az.shafaqna.com “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Mixail Kavelaşvili xəbərdarlıq edib.
“Ölkənin yox edilməsi təhdidi hələ də var. Hələ də Gürcüstanın sabitliyinin pozulması üçün səy göstərməkdən əl çəkməyən anti-Gürcüstan gücləri var”, – deyə o qeyd edib.
Kavelaşvilinin sözlərinə görə, Ukraynada münaqişə davam etdiyi müddətcə və Gürcüstanda xarici maraqları təşviq edən qruplar zəifləmədikcə bu təhlükə də qalacaq.
“Son bir neçə ildə dövlətimiz çoxsaylı müharibə, destabilizasiya və çevriliş cəhdlərinə mətanətliliklə cavab verib. Biz bu illəri Gürcüstanın sağ qalması dövrü adlandıra bilərik və bu dövr, təəssüf ki, hələ başa çatmayıb. Altını cızmaq lazımdır ki, ölkənin xilas edilməsindəki əsas rolu Gürcüstan xalqı oynayıb“, – deyə o bəyan edib.
Gürcüstan prezidenti deyib ki, bütün çətin və ağır anlarda xalq emosiyaları kənara qoyaraq olduqca ehtiyatlı şəkildə, müdrikcəsinə və vətənpərvərcəsinə qərarlar qəbul edib, dövlətin yanında duraraq Gürcüstanın aradan getməsinə imkan verməyib.
“Məhz buna görə də Gürcüstan xalqının iradəsi, dövlətçiliyimiz və milli dəyərlərimiz Gürcüstanın bədxahlarının əsas məqsədləridir, çünki onlar bilirlər ki, ölkəmizin davamlılığı buna əsaslanır“, – deyə Kavelaşvili bildirib.
O əlavə edib ki, ölkə rəhbərliyi sırf öz milli maraqları əsasında hərəkət etməyə davam etməli və yekun nəticədə də ölkəni sülhə çatdırmalıdır.