
Az.shafaqna.com-un məlumatına görə, Ermənistanın Baş Naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşü zamanı 2020-ci ilin payızında Qarabağda baş verən məğlubiyyətin ölkəsinə “müstəqil və suveren dövlət olmaq imkanı verdiyini” bildirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Deyə bilərəm ki, məğlub olaraq biz müstəqil və suveren dövlətə sahib olmaq imkanı qazandıq”, – deyə Paşinyan qeyd edib.
O, həmçinin vurğulayıb ki, Cənubi Qafqazda Ermənistanla bağlı çoxlu mənfi yanaşmalar formalaşıb: “Bu neqativlə necə mübarizə aparmaq lazım olduğunu bilmək çox vacibdir. Biz emosiyalara qapılmadan və maksimum effektiv üsullarla bu neqativin öhdəsindən gəlməyə çalışmaqla doğru addım atırıq”.
Bundan əvvəl Paşinyan Ermənistanın strateji inkişaf çərçivəsində “real Ermənistan” konsepsiyasını yaratdıqlarını bəyan etmişdi. Bu konsepsiya qonşulara qarşı heç bir ərazi iddiasının olmamasını nəzərdə tutur.
Erməni müxalifəti isə Paşinyanın bu cür açıqlamalarını 2020-ci ildəki məğlubiyyəti legitimləşdirmək və özünü haqlı çıxarmaq cəhdi kimi qiymətləndirir. Müxalifət nümayəndələrinin fikrincə, Paşinyan bu bəyanatlarla müharibədəki məğlubiyyətin qaçılmaz olduğunu və bunun onun uğursuz daxili və xarici siyasəti ilə əlaqəli olmadığını göstərməyə çalışır.