
Az.shafaqna.com xəbər verir ki, İsrailin Baş Naziri Binyamin Netanyahu, vasitəçilərlə əldə edilən razılaşmaya əsasən, fevralın 3-də Qəzza zolağında atəşkəsin həyata keçirilməsinin ikinci mərhələsini razılaşdırmaq üçün nümayəndə heyətini Dohaya göndərməyib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari məlumat verib.
“Qəzza zolağında atəşkəsin 16-cı günündə İsrail nümayəndə heyəti Dohaya gəlməli idi ki, biz ikinci mərhələ ilə bağlı danışıqlara başlayaq. Lakin onlar hələ də nümayəndə göndərməyiblər. Buna baxmayaraq, İsrail və HƏMAS ilə əlaqə saxlayırıq ki, onların bu prosesə sadiq qaldıqlarına əmin olaq”, – deyə əl-Ənsari amerikalı Breitbart portalına müsahibəsində bildirib.
O əlavə edib ki, Netanyahu əvvəlcə Prezident Tramp ilə görüşmək və Qəzza məsələsini onunla müzakirə etmək istəyir, daha sonra nümayəndə heyətini göndərəcək: “Ümid edirik ki, Tramp və onun administrasiyası danışıqlar prosesini və ikinci mərhələni dəstəklədikləri barədə aydın mesaj verəcəklər”.
Əl-Ənsari vurğulayıb ki, Dohada ümid edirlər ki, Netanyahu İsrailə qayıtdıqdan sonra dərhal nümayəndə heyətini Dohaya göndərəcək və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoffun iştirakı ilə danışıqlar davam edəcək.