Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda 2024-cü ildə törədilmiş cinayətlərin sayı və kateqoroyası açıqlanıb.
2024-cü ildə Gürcüstanda cinayət göstəricisi 2023-cü illə müqayisədə 7,75% azalıb, ümumi cinayət sayı isə təxminən 50 min təşkil edib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yerləşdirilmiş materiallarda bildirilir.
2024-cü il yanvarın 1-dən dekabrın 31-dək törədilmiş 49 476 cinayətdən 64,26%-nin üstü açılıb. 2023-cü ildə bu göstərici 64,87% olub.
Cinayətlərin açılma faizi ən yüksək olan kateqoriyalar qətl, girov götürmə, məcbur etmə, hədə-qorxu, “oğru dünyası”na üzvlük, onun dəstəklənməsi və maliyyələşdirilməsi, narkotiklərlə bağlı cinayətlərdir.
Gürcüstan DİN-in məlumatına əsasən, 2024-cü ildə əvvəlki illə müqayisədə Gürcüstanda ehtiyatsızlıqdan adam öldürmə və ya ağır bədən xəsarəti yetirmə, rabitə və yazışma sirrinin pozulması, “oğru dünyası”na üzvlük kimi cinayətlər əhəmiyyətli dərəcədə artıb.
Uzun müddətdən sonra ilk dəfə Gürcüstanda qeyri-qanuni abortlar, uşağın dəyişdirilməsi, dövlət mükafatlarının alqı-satqısı, xüsusi tarixi, mədəni, elmi və milli dəyəri olan əşyalar və sənədlərin qanunsuz mənimsənilməsi, zəhərlərin dövriyyə qaydalarının pozulması kimi cinayətlər qeydə alınıb.
Ümumilikdə ötən ilin ən çox işlənən və cəmiyyətin diqqətini çəkən cinayətlərilə bağlı hazırladığımız cədvəli təqdim edirik:
| Cinayət Kateqoriyası | 2024-cü il üzrə hadisələrin sayı |
|---|---|
| Oğurluq | 13 530 |
| Narkotiklərlə bağlı cinayətlər | 5 375 |
| Hədə-qorxu | 4 132 |
| Ailə zorakılığı | 3 731 |
| Zorakılıq | 3 170 |
| Qəsdən adam öldürmə və ağır şəraitdə qətl | 65 |
| Zorlama | 189 |
| İntihara vadaretmə | 1 112 |
| İnsan alveri | 7 |
| İşgəncə | 3 |
| Qeyri-insani rəftar | 17 |
