Azərbaycanda bu universitet üçün yeni tədris binası tikilir

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binasının inşasına başlanılır.

Azərbaycan KİV-lərinin verdiyi məlumata əsasən, yeni bina Füzuli küçəsi, 170 A ünvanında yerləşən tədris binasının həyətində inşa olunacaq.

Məlumata əsasən, inşası planlaşdırılan tədris binası 4 mərtəbəli olacaq. Artıq universitetdə yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri ilə bağlı müvafiq işlər yekunlaşdırılıb.

Universitet sözügedən işlərin icrasını “NOKA” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri üçün MMC-yə 23 128 manat ödənilib.

Qeyd edək ki, işlərin icrasının həvalə olunduğu “NOKA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tahirova Günel Yaşar qızıdır.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəran Dövlət Universiteti (LDU) üçün 1,9 milyon manat dəyərində yeni baytarlıq klinikasının tikintisi işlərinə başlanılıb.

Bu məqaləni paylaş