Az.shafaqna.com-un verdiyi xəbərə görə, yeni tip koronavirus COVID-19 virusuna yoluxanların sonrakı 3 ildə infarkt, insult və ölüm riskinin bu xəstəliyə yoluxmayanlarla müqayisədə iki dəfə çox olduğu müəyyən edilib.

Nəticələri “Atherosclerosis, Thrombosis, and Vascular Biology” jurnalında dərc olunan araşdırmaya əsasən, Cənubi Kaliforniya Universiteti, Kaliforniya Universiteti və Ohayo ştatındakı Lerner Araşdırma İnstitutundan alimlər İngiltərədəki Biobank adlı biomedikal məlumatlar bazasında olan təxminən 250 min insanın sağlamlıq qeydlərini araşdırıblar.

Tədqiqatçılar 2020-ci ildə COVID-19- a yoluxan xəstələrin qeydlərini həmin dövrdə bu xəstəliyə yoluxmayan 222 mindən çox insanın qeydləri ilə müqayisə ediblər.

Buna görə, 2020-ci ildə COVID-19 peyvəndləri meydana çıxmadan əvvəl xəstəliyə yoluxmuş 11 mindən çox insanın olduğunu bildirən tədqiqatçılar bu şəxslərin sonrakı üç il ərzində xəstəliyə yoluxmayanlarla müqayisədə infarkt, insult və ölüm riskinin iki dəfə çox olduğunu bildiriblər.

Tədqiqatçılar COVID-19-a yoluxmuş həmin 11 mindən çox şəxsin təxminən 3 mininin xəstəxanaya yerləşdirildiyini bildirərək onların COVID-19-a yoluxmayanlarla müqayisədə infarkt, insult və ölüm riskinin üç dəfədən çox olduğunu vurğulayıblar.

COVID-19 xəstəliyinə yoluxan və buna görə xəstəxanaya yerləşdirilən şəxslərin infarkt, insult və ölüm riskinin zamanla azalmadığını qeyd edən tədqiqatçılar xəstəliyin bədənin ürək-damar sistemi üzərində niyə bu qədər uzunmüddətli təsirlər yaratdığı barədə hələ dəqiq məlumatın olmadığını söyləyiblər.