
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “TRT World” kanalına müsahibəsində deyib.
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı 2020-ci il iyulun 13-də Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” kanalına danışıb.
Az.shafaqna.com xəbər verir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin sərhəddə artileriyadan istifadə etməklə növbəti təxribat törətdiyini bildirən Hikmət Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə yerləşən hərbi hissələrinin hədəf alındığını, 4 azərbaycanlı zabit və əsgərin öldürüldüyünü və 5 nəfərin isə yaralandığını diqqətə çatdırıb. Bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğu və Ermənistan hökumətinin buna görə birbaşa məsuliyyət daşıdığı qeyd olunub.
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olduğunu qeyd edən Hikmət Hacıyev məlum hadisəni təcavüz, gücdən istifadə və Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatı kimi xarakterizə edib.
Danışıqlar prosesinə toxunan Hikmət Hacıyev Ermənistanın cəzasızlığının onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirdiyini xüsusilə vurğulayıb. Beynəlxalq ictamaiyyətin, ələlxüsus ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini daha da artırmalı olduğunu söyləyən Hikmət Hacıyev Ermənistanın regionda iki ölkənin sərhədində daha bir münaqişə ocağı yaratmağa çalışdığını söyləyib və bunu artıq həssas olan regional sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyəti kimi qiymətləndirib. Azərbaycana qarşı təcavüzkar fəaliyyətə görə məsuliyyət daşıyan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina etdiyi və azərbaycanlı məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıda bilmədikləri təəsüflə qeyd olunub.
Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti xüsusilə COVİD-19 dövründə Ermənistanın hərəkətlərini ciddi şəkildə qınamağa çağırıb. Habelə, məlum təxribatı Ermənistan hökumətini daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin çıxışına toxunan Hikmət Hacıyev həmsədrlərdən təkcə tərəflər arasında məlumat mübadiləsi aparmaqla məşğul olmamalarını bildirərək onlardan danışıqlar prosesinin əsas fundamental əsaslarının icrasının gözlənildiyini bildirib. Hikmət Hacıyev həmçinin münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.
Görüş xatirinə görüşün keçirilməsinin qəbuledilməz olduğunu söyləyən Hikmət Hacıyev bunun Ermənistan üçün işğalı davam etdirmək üçün görüntü olduğunu xüsusilə vurğulayıb. Habelə, Azərbaycanın gözləntilərinin ilk növbədə həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin tədbirlər görməli olduğu önə çəkib.






























