Müxalifət parlament seçkilərindən sonra iğtişaşlar törətməyə hazırlaşır.
Az.shafaqna.com “newsgeorgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bəyan edib.
“Bizdə məlumat var ki, radikal müxalifət ictimai çaxnaşmaya səbəb ola biləcək bir ssenarinin süni şəkildə yaradılması məsələsini aktiv şəkildə müzakirə edir”, – deyə o qeyd edib.
Kobaxidzenin sözlərinə görə, “rezonanslı cinayət aktının səhnələşdirilməsi” planlaşdırılır. Müxalifətin planına əsasən, gələcəkdə hadisələr 2019-cu ilin əvvəllərində olduğu kimi cərəyan etməlidir. Müxalifətin belə işlər planlaşdırmasının səbəbi isə seçkilərdə qalib gələcəyinə ümidinin olmamasıdır.
“Görünür ki, onlar növbəti dəfə də seçkilərin nəticələrini tanımayacaqlar, dövlət institutlarına hücum və ölkədə iğtişaşlar törətməyə çalışacaqlar… Onlar öz lüğətlərindən “əgər “Gürcü Arzusu” qalib gələrsə” ifadəsini çıxarıblar və (onun yerinə) daim “əgər “Gürcü Arzusu” seçkiləri saxtalaşdırarsa” deyirlər“, – deyə Kobaxidze bildirib.
O qeyd edib ki, radikal müxalifətin öz liderləri belə həmin müxalifət tərəfindən hücum riskinə məruz qala bilər və həmin bu hücumlar “Vahid Milli Hərəkat” (VMH) və onun himayədarları tərəfindən seçki prosesinin və hökumətin diskreditasiyası – nüfuzdan salınması üçün istifadə edilə bilər.
Baş nazir istəlin destabilizasiya cəhdinin sərt şəkildə cəzalandırılacağını vurğulayıb. O, “radikal müxalifətin istənilən xırda və böyük təxribatını düzgün şəkildə qiymətləndirmək üçün” ictimaiyyəti ayıq-sayıqlığa çağırıb.
O deyib ki, heç kəsin ölkədə xaos yarada bilməyəcəyinə zəmanət vermək üçün dövlətin kifayət qədər və artıqlaması ilə resursu var.