Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanunu əsasında ötən ay müxtəlif ölkələrin 33 vətəndaşını ölkədən çıxarıblar.
Az.shafaqna.com 1TV-yə istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, xarici ölkə vətəndaşlarının bir hissəsi Gürcüstanı könüllü tərk edib, bir hissəsi isə Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanunu əsasında Hindistan, Misir, İordaniya, Türkiyə, İran, Azərbaycan, Avstraliya, Pakistan, Nigeriya və Çin, İraq və Rusiyanın ümumilikdə 33 vətəndaşı ölkədən çıxarılıb.
“Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan orqandır. Hüquqi əsas olmadan Gürcüstanda olan xarici ölkə vətəndaşlarının aşkarlanması və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.