Yüzlərlə qeyri-hökumət təşkilatı (QHT) xarici agent qismində qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.
Az.shafaqna.com RT-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Tamar Tkeşelaşvili bəyan edib.
“469 QHT müvafiq ərizə ilə bizə müraciət edib”, – deyə o qeyd edib və bunun hələ son rəqəm olmadığını, sayın artacağını da əlavə edib.
Nazir müavini deyib ki, könüllü qeydiyyat üçün verilən müddət başa çatdıqdan sonra müraciət etməyən QHT-lər üçün cərimələr nəzərdə tutulub. Qeydiyyatdan imtina edən QHT-lər hər bir halda monitorinq nəticəsində müəyyən ediləcək və reyestrə daxil ediləcək. Onlara cəriməni ödəmək üçün möhlət veriləcək, bundan sonra isə bu cür QHT-lər üçün “tamamilə başqa bir rejim tətbiq edilə bilər”.
Tkeşelaşvili bildirib ki, qeydiyyatdan keçən QHT-lər üçün heç bir təhlükə yoxdur, onlara heç bir zərər dəyməyəcək, onların fəaliyyəti və maliyyələşdirilməsi məhdudlaşdırılmayacaq.
“Yəni qanunun icrası təşkilat üçün heç bir zərər və təhlükə daşımır”, – deyə o vurğulayıb.
Xatırladaq ki, “xarici təsirin şəffaflığına dair” qanun həm də “xarici agentlər” qanunu kimi də tanınır.