Az.shafaqna.com mərcə təqlid müctehidi Ayətullah Məkarim Şirazinin “Maddi məqamların dəyərsizliyi” mövzusundakı nəsihətini təqdim edir:
وَ مَا الْحَيٰوةُ الدُّنْيٰا اِلاَّ مَتَاعُ الْغُرُورِ
“Bu dünya həyatı aldadıcı mal-dövlətdən başqa bir şey deyildir.”Bəli, dünya aldadıcı mülkdür. İçi təsəvvür etdiyimizdən qat-qat boş və mənasızdır. Şair demişkən:
زندگى نقطه مرموزى نيست غير تبديل شب و روزى نيست
تلخ و شورى که به نام عمر است راستى آش دهن سوزى نيست!
Həyat sirli bir nöqtə deyil, Gecə-gündüzün dəyişməsindən başqa bir şey deyil.
Ömür adlı şirinlik və acılıqlar, Doğrusu, ağız yandıran (əhəmiyyətli) bir aş deyil.
Yalnız əbədi axirət həyatına etiqad bəsləmək bu dünya həyatına məna verir. Axirətə etiqad olmasaydı, bu dünya həyatının nə mənası olardı, nə də hədəfi!
Mən həyatım boyu mənəviyyata, insani dəyərlərlə aparan vasitələrdən dəyərli heç nə görmədim. Bütün maddi dəyərlər ilğım və xəyal kimi idi. İnsanlar sanki yuxuda idi. Planları puç, əbəs və faydasız idi. Onlar öz həyatlarında daim əzab-əziyyət və narahatçılıq içində çapalayırdılar.
Dünənki uşaqlar, bugünkü cavanlar; bugünkü cavanlar isə sabahkı qocalardır. Qocalar da sanki heç vaxt olmamışlar kimi, sabah torpaqlar altında uyuyacaqlar.
Böyük alimlərin, dünənki şöhrətli şəxsiyyətlərin evlərinin yanından keçəndə fikirləşirəm ki, bir vaxtlar bu evlərə nə qədər insan axını olardı. Hansı səs-küy, hansı izdiham, hansı tünlük… Bu evlərə ümidlə nə qədər gözlər dikilmişdi. Lakin bu gün onların üzərinə unutqanlıq tozları çökmüş, sönük və səssiz-küysüzdür. Bəzən mövla Əlinin (əleyhis-salam) “Nəhcul-bəlağə”də nəsihətli kəlamı yadıma düşür:
فَکَأَنَّهُمْ لَمْ يکُونُوا لِلدُّنْيا عُمّاراً وَ کَاَنَّ الاْخِرَةَ لَمْ تَزَلْ لَهُمْ داراً
“Sanki onlar heç vaxt bu dünyanın sakinləri olmamışlar, sanki axirət evi həmişə onların mənzili olmuşdur.”
Dostlarımı qamətləri bükülmüş, əsaya söykənmiş görürəm. Bir neçə addım atır, ayaq saxlayır, daha bir neçə qədəm irəliləmək üçün nəfəsini dərir. Qəflətən onların cavanlıq çağları gözlərim önündə canlanır: necə uca qamətli, nə qədər şən idilər! Necə gülüşlər, necə qəhqəhələr?! Amma bu gün qəm qubarı bütün çöhrələrini bürümüşdür. Ruhiyyələri elə sarsılmışdır ki, sanki şadlıq küçəsindən heç vaxt keçməmişlər!
Belə bir məqamda yatmış vicdanları oyadan İlahi kəlamın mənasını bütün vücudumla dərk edirəm: وَ مَا هٰذِهِ الْحَيٰوةُ الدُّنْيا اِلاّ لَهْوٌ وَ لَعِبٌ – “Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyildir.” Bu zaman əmin oluram ki, başqaları da mənim yaşıma çatanda azacıq diqqət yetirsələr, bunu dərk edəcəklər.
Elə ailələri tanıyıram ki, dünən hamı bir nəfər kimi onların isti ocaqlarına yığışırdılar, öz dövranları var idi… Bu gün hamısı pərən-pərən düşmüşlər: biri Amerikada, biri Avropada, digəri başqa yerdə yaşayır. Yaşlı ata-ana evdə tək, kimsəsiz qalmışdır. Bəzən aylarla övladlarından bir xəbər ala bilmirlər. Heç övladları da onların vəziyyəti ilə maraqlanmır. Belə yerdə İmamın (əleyhis-salam) nurlu kəlamı yadıma düşür:
إنَّ شَيئاً هٰذٰا آخِرُهُ لَحَقيقٌ اَنْ يزْهَدَ فى اَوَّلِه
“Sonu bu olana əvvəlcədən hərislik göstərməmək yaxşıdır”.
Bəzən dünyadan köçənlərin, xüsusilə də üləmaların, fazil insanların dəfn olunduğu məqbərələrin ziyarətinə gedəndə qəribə səhnələrlə qarşılaşıram. Köhnə dostlarım, sevdiyim insanlar indi buraya köçmüş, əbədi yuxuya getmişlər. Onların şəkilləri çox tanışdır. Tarixin dərinliklərinə qovuşuram: bəlkə mən də onların arasındayam, yaşadığım sadəcə xəyaldır?! Bir şairin duyğulu sözlərini xatırlayıram:
هر که باشى و به هر جا برسى آخرين منزل هستى اين است!
“Kim olsan da, hara yüksəlsən də həyatın son mənzili buradır!””