Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, BMT Baş Assambleyası Fələstini dəstəkləyən və İsrailin hərəkətlərinə qarşı olan hər ilki 4 qətnaməni qəbul edib.

Səsvermə ABŞ dövlət katibi Mayk Pompeonun İordan çayının Qərb sahilindəki yəhudi qəsəbəsinə ilk səfərindən az müddət sonra baş tutub. Bu səfər bir çoxları, o cümlədən də Rusiya tərəfindən pislənib.

BMT BA sənədlərdə bütün ölkələri Fələstin xalqının öz müqəddəratını təyin etməsinə kömək etməyə çağırır. Bütün qətnamələr səs çoxluğu ilə qəbul edilib. Əleyhinə səs verənlər arasında ənənəvi olaraq ABŞ, İsrail, Kanada və Avstraliya var.

“Fələstinə dair məsələnin dinc yolla həlli” başlıqlı qətnamədə BA İsraildən “işğal edilmiş Fələstin torpaqlarında, o cümlədən də Şərqi Qüdsdə məskunlaşdırma siyasətini dayandırması”, həmçinin yəhudi mühacirlər tərəfindən bütün təxribatlara son qoyulması, o cümlədən də dini məkanlardakı təxribatlara son qoyulması tələb edilir.

Qətnamə Qüdsün statusu kimi əsas məsələdən də yan keçməyib. Belə ki, İsrail 1967-ci ildə şəhərin şərq hissəsini işğal edib və oranı özünün “vahid və bölünməz paytaxtı” adlandırır. Bununla bağlı olaraq, BA “bütün dövlətləri BMT TŞ qətnamələrinə əsasən öz öhdəliklərini yerinə yetirməyə” və heç bir sərhəd dəyişikliklərini tanımamağa səsləyib; bu, Qüdsə də şamil edilir.

Qəbul edilmiş daha 3 sənəd Yaxın Şərq problemlərinin həllinə və Fələstin xalqının öz taleyini həll etmə hüququnun təmin edilməsinə aiddir.