
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstindəki işğal, zülm və qətliam siyasətinin illərdir davam etdiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə Radio və Televiziya Qurumunun (TRT) TRT1 telekanalında yayımlanan Qurani Kərimi Gözəl Oxuma müsabiqəsinin finalında iştirak edib və çıxış edib.
Çıxışında İslam dünyasının yaşadığı problemlərə toxunan Rəcəb Tayyib Ərdoğan deyib: “Qonşumuz Suriya 13 ildir qarışıqlıq və xaosdan xilas ola bilmir. Liviya və Yəməndə hələ də sülh bərqərar olmayıb. Sudanda milyonlarla insan evlərini tərk etməli oldu. Fələstində işğal, qəddarlıq və qətliam siyasəti davam edir. Qəzzalı qardaşlarımızın düz 180 gün ərzində məruz qaldığı zülm və soyqırımı ifadə etməyə sözlər kifayət etməz”.
İmperialist güclərin İslam coğrafiyası ilə oyun oynadığını deyən Rəcəb Tayyib Ərdoğan müstəmləkəçi dövlətlərin İslam ölkələrindəki yeraltı sərvətlərdən qazanc əldə etdiyini bildirib.
“Afrikadan Asiyaya qədər bir çox bölgəyə baxdıqda, bu istismar çarxının necə qurulduğunu və necə idarə edildiyini asanlıqla görə bilərik. Bu gün Suriya, Yəmən, Liviya, Sudan, Fələstin və bir çox başqa İslam ölkələrində qan tökən münaqişələr və gərginliklərin arxasında bu istismar sisteminin davam etdirilməsi planları var”,-deyə Türkiyə Prezidenti vurğulayıb.






























