Fevralın 10-da ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında IV Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçirilib. Onlayn şəkildə keçirilən olimpiadada iştirak etmək üçün 1190 şagird qeydiyyatdan keçib.

Az.shafaqna.com xəbər verir ki, olimpiadanın təşkilatçıları Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Dövlət Universiteti, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzidir. Təşkilat komitəsinin qərarına əsasən, mümkün 46 balın minimum 50%-ni, yəni ən azı 23 bal toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar. Finalda iştirak haqqı qazanan şagirdlərə yaxın günlərdə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsinin qalibləri Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq.

IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Əvvəlki məqaləMövqelərimiz atəşə tutulub: Bir hərbçi yaralanıb
Növbəti məqalədə“Səbail” “Kəpəz”ə böyük hesabla qalib gəlib