
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bütün siyasi prosesləri küçədən hüquqi və siyasi platformaya köçürmək lazımdır.
Bu barədə Gürcüstan Baş naziri Giorgi Qaxariya bildirib.
“Biz hamımız birlikdə hər gün insan həyatlarının xilas edilməsi adlandırılan prosesdəyik. Ölkədəki hər bir çarpayını hesaba alırıq, hər bir təcili tibbi yardım briqadasını hesaba alırıq və hər bir həkimi hara köçürəcəyimiz barədə götür-qoy edirik. İqtisadi ölçüdəki isə meydan oxumalar daha çoxdur”, – deyə o, qeyd edib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi bütün problemlərlə elə rəftar edir ki, ölkədəki demoratikləşmə dərəcəsi aşağı düşməsin.
“Sülh və demokratiyaya alternativ yoxdur. Dünən küçəyə çıxarılmağa çalışılan bütün prosesləri biz strateji həmkarlarımızla birlikdə və onları köməyi ilə təcili surətdə hüquqi və siyasi platformaya keçirməyi təklif edirik. Danışıqlara alternativ yoxdur və biz həmişə bu barədə strateji həmkarlarımızla danışmışıq. Biz həmçinin unutmamalıyıq ki, bu, bizim seçicilərimizin sifarişidir”, – deyə Gürcüstan Baş naziri əlavə edib.
Xatırladaq ki, ötən gün parlament seçkilərinin nəticələrindən narazı müxalifət Tbilsidə etiraz aksiyası keçirib. Polislə toqquşma baş verib. Etirazçıların dağıdılması üçün su şırnaqları və bibər spreyindən istifadə edilib. Hər iki tərəfdən xəsarət alanlar var.
Müxalifət bu gün üçün yeni aksiya təyin edib. Etirazçılar həmçinin bildiriblər ki, 22:00-dan 05:00-dək küçəyə çıxma qadağasına da əməl etməyəcəklər. Qeyd edək ki, sözügedən məhdudiyyət koronavirusla mübarizə çərçivəsində tətbiq edilib.






























