
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın iri şəhərlərində gecə vaxtı hərəkətə məhdudiyyətlər tətbiq ediləcək.
Regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib ki, bu addım koronavirusun yayılmasının qarşısının alınması üçün atılır.
22:00-dan 05:00-dək küçəyə çıxmaq qadağan ediləcək. Qərar 9 noyabrdan qüvvəyə minir.
“Bazar ertəsindən Tbilisi, Kutaisi, Zuqdidi, Batumi, Rustavi, Qori və Potidə axşam 10-dan səhər 5-dək hərəkət məhdudlaşdırılacaq. Bu, həm piyadalara, həm də nəqliyyat və şəxsi avtomobillərin hərəkətinə də şamil ediləcək”, – deyə nazir qeyd edib.
Məhdudiyyətlər beynəlxalq daşımalara, həmçinin strateji təyinatlı, tibb müəssisələri, əczaçılıq obyektləri və KİV-ə şamil edilmir.
Müəyyən edilmiş tədbirlər pozulduqda 2 min lari məbləğində cərimə nəzərdə tutulub.
Bundan başqa, avtobus və metrolarda ayaq üstündə durmaq da qadağan ediləcək. Sürücü və polislər buna nəzarət edə biləcəklər.
Nazir “komendant saatı” terminindən istifadə etməməyə çağırıb, çünki bu rejim fövqəladə vəziyyət halında aktualdır.






























