
Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, Nyu-Yorkda (ABŞ) yerləşən Qrin-Vud qəbiristanı “artist-in-residence” proqramını başladıb. Bu layihə çərçivəsində dəvət edilən ilk rəssama mənzil və maaş təklif ediləcək.
Layihədə iştirak müddəti 9 aydır – 2021-ci ilin yanvarından sentyabrınadək.
Rəssam birbaşa qəbiristan ərazisində yerləşən evlə təmin ediləcək. Bundan başqa, o, yarandığı 1838-ci ildən Qrin-Vudun tarixi haqqında məlumatların olduğu arxiv sənədlərinə çıxışla da təmin ediləcək.
Elana əsasən, dəvət edilən rəssam installyasiya yaratmalı və ya qəbiristanla bağlı digər bir yaradıcı layihə həyata keçirməlidir. O, həmçinin öz fəaliyyəti ilə bağlı azı 1 mühazirə də oxumalıdır. İş tamamlandıqdan sonra o, 7,5 min dollar məbləğində təzminat alacaq.
Qeyd edək ki, adıçəkilən məzarlıq Bruklinin turistik məkanlarındandır. Burada siyasətçilər, mədəniyyət xadimləri və digər məşhur simalar dəfn edilib.






























