
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti Mixail Saakaşvilinin bəyanatı ilə bağlı Ukrayna tərəfindən açıqlama tələb edəcək.
Bunu Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili bildirib.
“O (Saakaşvili), Ukrayna hökumətinin nümayəndəsidir, o, ictimai simadır, deməli, onun Gürcüstan hökumətinin legitimliyi barədə bəyanatı reaksiyasız qalmayacaq. Cavab Ukraynadan istəniləcək“, – deyə Sesiaşvili qeyd edib.
Gürcüstanlı rəsmi deyib ki, “Saakaşvili özünün təbliğatçı çıxışları ilə Gürcüstanın daxili işlərinə müdaxilə edir”.
Xatırladaq ki, Mixail Saakaşvili sosial şəbəkədə yazıb ki, Gürcüstan hökumətinin legitimliyini qəbul etmir. O həmçinin bildirib ki, cari ilin oktyabr ayında Gürcüstanda keçiriləcək parlament seçkilərində “ön xətdə” olacaq.






























