
Az.shafaqna.com “Rustavi 2”-yə istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komitəsinin (MSK) sədri Tamar Jvaniya bildirib ki, əgər seçki nəticələrindən hər hansı biri düzgün hesablanmazsa və buna da müvafiq reaksiya verilməzsə, istefa verəcək.
“Bu gün biz bizdən asılı olan hər şeyi edirik ki, xalqın iradəsi dəqiq, dürüst və ardıcıllıqla əks etdirilsin. Çox illər ərzində bu cür də olub və beynəlxalq müşahidəçilər tərəfindən qəbul edilib. Buna görə də kiminsə siyasi məqsədlərə görə nəticələrin doğruluğunu şübhə altına alması yolverilməzdir. Qoy MSK-ın dərc etdiyi və hər kəs üçün əlçatan olan protokolları əldə etsinlər, istənilən vətəndaş səsləri saya və mövcud olarsa, səhvləri tapa bilər”, – deyə Jvaniya qeyd edib.
O, həmçinin xatırladıb ki, seçkilər hələ bitməyib, dairə seçki komissiyalarında hələ çoxlu prosedur işləri var və rəsmi məlumatlar hələ açıqlanmayıb.
Xatırladaq ki, Gürcüstan müxalifəti parlament seçkilərinin nəticələrini qəbul etmir və hökuməti kütləvi saxtalaşdırmalarda ittiham edir. Müxalif partiyalar yeni çağırış parlamentdəki mandatlarından imtina edib.
Qeyd edək ki, beynəlxalq müşahidəçilər Gürcüstandakı parlament seçkilərində əsas azadlıqlar və prosedurların əksəriyyətinə əməl edildiyini təsdiq edib.




























