
Az.shafaqna.com “Manila Bulletin”-ə istinadən xəbər verir ki, Filippin prezidenti Rodriqo Duterte onu pulla ələ almağın mümkünsüz olduğunu deyib.
“Məni ələ almaq olmaz. Mən artıq qocalmışam. Mənə nə qədər pul təklif etməyə hazırsınız? Bir yük maşını qədər? Mən o qədər pulla nə edim?”, – deyə o qeyd edib.
O bildirib ki, hətta onun qədimi silah toplamaq həvəsi belə onu rüşvət almağa məcbur edə bilməz, çünki “bu, sadəcə hobbidir”.
Səyahətə pul xərcləmək haqqında 75 yaşlı Duterte deyib ki, yaşına görə, “xaricə səfər etməkdən zəhləsi gedir”.
O həmçinin yüksək vəzifəli məmurlara, o cümlədən yaxın ətrafına qarşı irəli sürülən rüşvətxorluq ittihamlarını da təkzib edib.
O, əsassız ittiham irəli sürənləri tənqid edib. Onun sözlərinə görə, belə insanlar “çirkin fikilərə” sahibdir və onlar “daha da sərt” məzəmmət ediləcəklər.
“Mən sizi hədələmirəm. Hərəkətə keçin, hökumətdəki rüşvətxorluğu ifşa edin. Mən yenə deyirəm, əgər onun miqyası o qədər böyükdürsə, mən öz postumu tərk edəcəyəm”, – deyə o bildirib.
Qeyd edək ki, 2019-cu ildə Duterte vətəndaşlara onlardan rüşvət tələb edən məmurları, öldürməmək şərti ilə, döyməyi və güllələməyi təklif etmişdi.






























