Portuqaliya da həftədə 4 günlük işə keçib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Portuqaliyadakı solçu hökumət 100-ə qədər şirkətdə pilot olaraq həftədə 4 günlük çalışma saatının 5 iyundan başladığını açıqlayıb.

Ölkənin əmək, sosial müdafiə və həmrəylik naziri Ana Mendes Qodinyo sözügedən mövzu ilə bağlı bildirib: “İyunun 5-dən qüvvəyə minən fərmana əsasən, əmək haqqına təsir etmədən həftəlik işin 4 günə endirilməsi praktikası işəgötürənlər və istəyən işçilər üçün başladı.

Pilot layihədə iştirak edən şirkətlər həftədə 4 gün işdən əvvəl, çalışma saatları və sonra məhsuldarlıq, işçilərin əhval-ruhiyyəsi və səmərəlilik kimi məsələlərlə bağlı məlumatları hesabat şəklində nazirliklə paylaşacaq”.

Xatırladaq ki, Avropada yeni növ koronavirus (COVID-19) epidemiyasından sonra gündəmə gələn həftədə 4 günlük iş təklifini həyata keçirən ilk ölkə Belçikadır (noyabr, 2022). Sonra Şimali Avropa ölkələri olan İsveç və Finlandiya bu təcrübəni sınaqdan keçirdi. İspaniyada isə 2023-cü ilin əvvəlində 41 sənaye şirkətində həftədə 4 gün işləmək qərarına gəlinib.

Bu məqaləni paylaş