Türkiyə 1 iyuldan gəmilərin Bosfor və Dardanel boğazlarından keçid rüsumunu artıracaq.
Az.shafaqna.com “Aydınlık”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin nəzdindəki Dəniz İşləri üzrə Baş İdarədən bildirilib.
Xatırladaq ki, ötən ilin oktyabr ayında ticarət gəmilərinin Qara dəniz boğazlarından keçid haqqını 5-ci dəfə də artırılmışdı. Məbləğ 1936-cı ildə imzalanmış və boğazlar zonasındakı gəmiçiliyi nizamlayan Montre Konvensiyası dövründəki qızıl frank əsasında hesablanır.
“Dəniz İşləri üzrə Baş İdarə Türkiyə boğazlarından birbaşa keçid üçün ödənilən vergi və rüsum koeffisentlərində yeni vəziyyət barədə elan edib”, – deyə qeyd edilib.
Montre Konvensiyasına əsasən, boğazlardan, Türkiyə limanlarına daxil olmadan, keçən gəmilərdən alınan vergi və rüsum 1 iyuldan 8,3 faiz artırılaraq 4,42 dollar olacaq.
Beləliklə də, ötən illərdəki losman və yedək xidmətləri hesaba alınmazsa, boğazların keçilməsindən əldə ediləcək gəlirin ildə 900 milyon dollara çatacağı gözlənilir.