Qaribaşvili və Cabbarov Bakı-Tbilisi-Qars dəmiryolu xəttini müzakirə ediblər

Az.shafaqna.com 1tv-yə istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

Gürcüstanın hökumət administrasiyasının məlumatına görə, tərəflər Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın müsbət dinamikasını və ölkələr arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətlərini nəzərdən keçiriblər.

Görüşdə Gürcüstan və Azərbaycanın dünya və regional əhəmiyyətli müxtəlif iqtisadi, enerji və nəqliyyat layihələrini uğurla həyata keçirdiyi bildirilib, iki ölkə arasında mövcud potensialdan tam istifadə etmək məqsədilə gələcəkdə daha sıx əməkdaşlığa hazır olduqları qeyd olunub.

Ölkənin investisiya potensialına diqqət yetirilib. Bundan əlavə qeyd olunub ki, Gürcüstan hökumətinin prioritet istiqamətlərindən biri ölkənin tranzit funksiyasını gücləndirmək və regional logistika qovşağının formalaşdırılmasıdır. Söhbət zamanı Bakı-Tbilisi-Qars yeni birləşdirici dəmir yolu xəttinin tikinti işlərinin sürətlə aparılmasının vacibliyinə toxunulub.

Baş nazir Azərbaycan nümayəndə heyətini bu ilin payızında Tbilisidə keçiriləcək “İpək Yolu Forumu”na dəvət edib.

Hökumət administrasiyasında keçirilən görüşdə baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Azərbaycan tərəfindən isə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfir Faiq Quliyev iştirak ediblər.

Bu məqaləni paylaş