Rusiya prezident administrasiyasının əməkdaşlarına xidməti məqsədlər üçün “iPhone”dən istifadə etmək qadağandır.
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Sözsüz ki, (Rusiya Prezident Administrasiyasında) hər kəs anlayır ki, həmin cihazlar tamamilə şəffafdır. Burada heç nə ilə özümüzü aldatmamalıyıq, onlar tamamilə şəffadırlar. Əlbəttə ki, onların xidməti məqsədlər üçün istifadəsi məqbul deyil və qadağandır“, – deyə o qeyd edib.
Prezident Administrasiyasında şəxsi məqsədlər üçün “iPhone”dən istifadənin icazəli olub-olmaması ilə bağlı dəqiqləşdirici suala cavab verən Peskov bildirib: “Sirr deyil ki, şəxsi məqsədlər üçün, əlbəttə ki, bir çoxları “iPhone”dən istifadə etməyə davam edirlər, kifayət qədər çoxu“.
Kreml rəsmisi statistik məlumatlar da təqdim edərək vurğulayıb ki, “20-30 faiz “iPhone”dən, 80-70 faiz isə “Android”dən istifadə edir“.
Üstəlik, o, əlavə edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) “Apple” qurğuları vasitəsilə izləmə və casusluğa dair məlumatı “diqqətə layiqdir”.
“Mən bilirəm ki, artıq kimsə “iPhone”dən imtina edir, kimsə də istifadə etməyə davam edir“, – Peskov bildirib.